Sensonevral ağır eşitmədən əziyyət çəkən 4 yaşınadək uşaqların problemdən xilas olması mümkündür
Bakı, 2 mart, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhlisinin 365 milyonu karlıq və eşitmə problemlərindən əziyyət çəkir, onlardan 32 milyonunu uşaqlar təşkil edir. Vaxtında profilaktik tədbirlər görülməməsi və müalicə olunmaması səbəbindən yaranan başqa xəstəliklərə görə hər il 750 milyard dollar vəsait itirilir. Bu rəqəm mövcud problemin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha göstərir.
Bu sahədə Azərbaycan Tibb Universitetində xeyli işlər görülüb, Eşitmə Mərkəzi açılıb. Burada təkcə adi qulaq əməliyyatları deyil, həm də anadangəlmə ağır dərəcədə eşitmə zəifliyi olan uşaqlar üzərində cərrahi müdaxilələr aparılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə klinikanın qulaq-burun-boğaz şöbəsinin müdiri Murad Şıxəliyev məlumat verib.
Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasında Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığı Günü ilə əlaqədar keçirilən tədbiri giriş sözü ilə LOR kafedrasının müdiri, professor Vəfa Pənahian açaraq beynəlxalq gün haqqında və dünya əhalisinin 6 faizinin əziyyət çəkdiyi xəstəlik haqqında danışıb. Professorun verdiyi məlumata görə, hazırda ölkəmizdə 10 min nəfər eşitmə problemlərindən əziyyət çəkir.
Universitetin LOR kafedrasının assistenti Afaq Şadlinskaya eşitmə probleminin yaranma səbəblərindən danışaraq onun əsasən irsi faktorlar və qohum nikahları nəticəsində yarandığını, lakin başqa səbəblərin də karlığa səbəb olduğunu söyləyib: “Ölkəmizin elə bölgələri və elə kəndləri var ki, orada az qala hər iki evdən birində eşitmə problemi ilə üzləşənlər var. Bundan başqa qanda bilurubinin miqdarının 30 faizdən çoxluğu, hamiləlik patologiyaları və zərərli dərman preparatlarının qəbulu eşitmə əngəlinə səbəb olur. Həmin problemin aradan qaldırılması üçün yeganə bir yol - koxlear implantasiya əməliyyatıdır”.
Onun dediyinə görə, əməliyyat bahalı olduğuna görə, 2015-ci ilin oktyabrında sensonevral ağır eşitmə ilə əlaqədar yaradılan xüsusi komissiya ölkəmizdə həmin problemdən əziyyət çəkən uşaqların müayinə və müalicə edilməsi, koxlear implantasiya əməliyyatı aparılması ilə məşğul olur. Həmin vaxtdan indiyədək 450-dən artıq uşaq müayinə olunub və onlardan 59-u dövlət hesabına əməliyyat olunub. Əməliyyatın aparılması üçün ən əsas şərtlərdən biri uşağın 1-4 yaş intervalında olmasıdır, çünki həmin yaşdan sonra nitq mərkəzi bağlanmağa başlayır. Problemdən əziyyət çəkən 4 yaşına qədər uşaqlar hər iki qulağında eşitmə cihazından istifadə etməlidir.
Sonra həkim tədbir iştirakçılarına koxlear implantasiyanın üstünlüklərindən bəhs edən videomaterial nümayiş etdirib.
Kafedranın rezidenti Esmira Qasımova sindromik ağıreşitmə tipləri, Vaardenburq sindromu, anadangəlmə sensonevral ağıreşitmə halları, habelə eşitmə probleminə səbəb ola bilən digər amillərdən danışıb, onun diaqnostikası və müalicə formaları barədə məlumat verib.