Sərbəst güləş üzrə Azərbaycan millisi dünya kuboku yarışlarının finalına yüksəlib
Bakı, 8 aprel, AZƏRTAC
ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, “B” qrupunda yer alan millimiz aprelin 8-də Monqolustan yığması ilə qarşılaşıb. Görüş güləşçilərimizin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarış günündə yığmamız qrup mərhələsi çərçivəsində Kubaya 8:2, Qazaxıstana isə 9:1 hesabı ilə qalib gəlib.
Beləliklə, millimiz dünya kuboku yarışlarının finalına yüksəlib.
Final görüşündə yığma komandamızın rəqibi ev sahibi ABŞ idmançıları olacaqlar. Həlledici görüş aprelin 9-da Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.