Serbiyanın Baş naziri: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir

Bakı, 26 may, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova Serbiyanın Baş naziri Ana Brnabiç ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Baş nazir Ana Brnabiç dost ölkələrimiz arasında əlaqələr uğurla inkişaf etdiyini söyləyib. O, Azərbaycanın Serbiya üçün çox böyük əhəmiyyətə malik ölkə olduğunu qeyd edib. Baş nazir vurğulayıb ki, müsbət siyasi dialoq və qarşılıqlı səfərlər bu əlaqələrin daha da dərinləşməsinə imkan verir.
O, ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən, enerji sektorunda əməkdaşlığın önəmini qeyd edib. Baş nazir Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu vurğulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova dost və strateji tərəfdaş olan ölkələrimiz arasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolunu qeyd edib. O, bu kontekstdə xüsusilə prezidentlər İlham Əliyevin və Aleksandar Vuçiçin qarşılıqlı səfərlərinin önəmini diqqətə çatdırıb.
Görüşdə iqtisadiyyat və ticarət sahələrini əhatə edən münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub, Azərbaycanın uğurlu enerji siyasəti haqqında məlumat verilib.
Milli Məclisin sədri deyib ki, Azərbaycan ilə Serbiya arasında qarşılıqlı səfərlərin qanunverici orqanlar arasında əlaqələrin inkişafına təkan verdiyini deyib. Parlamentlərimiz arasında bir sıra beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanların olduğu diqqətə çatdırıb.
Ana Brnabiç, həmçinin regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri barədə də məlumatlandırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.