“Şərq nağılı” Əlilliyi olan gənclərin Beynəlxalq Yaradıcılıq Festivalı yekunlaşıb
Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, MDB üzv ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və “Gənclərin intellektual inkişaf mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə dekabrın 20-24-də Bakıda “Şərq nağılı” Əlilliyi olan gənclərin Beynəlxalq Yaradıcılıq Festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, üç gün davam edən festivalda səkkiz ölkə - Azərbaycan, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistandan 100-dən çox gənc iştirak edib.
Festival çərçivəsində müxtəlif tədbirlər - musiqili proqramlar, ustad dərsləri, ekskursiyalar, Heydər Əliyev Mərkəzi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Autizm Mərkəzi, Gənclər Evinə ziyarətlər təşkil edilib. Tədbir gənclərin istedadlarının nümayiş etdirilməsi və müxtəlif ölkə gəncləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədini daşıyır.
Festival Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilib.