Şərqşünaslıq İnstitutunda faciə qurbanlarının xatirəsi anılıb
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilən anma tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər tərəfindən əhaliyə qarşı törədilən vəhşiliklərdən söz açıb, mənfur qonşularımız tərəfindən zaman-zaman xalqımıza qarşı həyata keçirilən deportasiya və soyqırımlarından, onların səbəblərindən danışıb.
Xocalı faciəsinin ağır nəticələrindən söz açan G.Baxşəliyeva xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini, xocalılıların erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşduqlarını, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazdıqlarını bildirib.
İnstitutun direktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlərdən, bu çərçivədə Xocalı soyqırımının Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyətdən də danışıb.
G.Baxşəliyeva erməni millətçilərinin tarix boyu xalqımıza qarşı həyata keçirdikləri soyqırımları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində institut əməkdaşlarının gördükləri işləri xüsusi qeyd edib.
Tədbirdə digər çıxış edənlər də o müdhiş gecənin dəhşətlərindən söz açıb, bu faciənin Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu, lakin xocalılıların amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd ediblər.