Şərqşünaslıq İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə edib
Bakı, 27 noyabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı görkəmli gürcü filosofu, ictimai xadim, professor Mixeil Maxaradzenin 75 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransa onlayn qatılan Gülər Qafqazlı “XIX-XX əsrlərdə Borçalı zadəganları” mövzusunda məruzə edib. Azərbaycanla yanaşı Gürcüstanın tarixində mühüm rol oynayan Borçalı zadəganlarına həsr olunmuş məruzədə bu təbəqənin nümayəndələrindən Emin ağa Acalov, İsrafil ağa Acalov, Nayvəli oğulları, Ağa bəy Yadigarov və digərlərinin fəaliyyətləri barədə ətraflı məlumat verilib.