Səudiyyə Ərəbistanı Cənubi Qafqaz regionuna böyük maraq göstərir
Tbilisi, 15 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığı ilə Gürcüstan arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq imkanları var. Krallıq bu əməkdaşlığı daha da genişləndirmək və inkişaf etdirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının sərmayələr naziri Xalid Əl-Falih bu gün Tbilisidə keçirilən biznes forumda söyləyib.
Regionda həyata keçirilən irimiqyaslı layihələrinin əhəmiyyətini xüsusi vurğulayan nazir deyib ki, bu layihələr Cənubi Qafqaz regionunun mühüm strateji əhəmiyyətə malik olduğunu sübut edir.
Nazir deyib: “Logistika, kənd təsərrüfatı, turizm və mədəni mübadilə də daxil olmaqla, bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Biz eyni zamanda, nəqliyyat layihələri üzərində də birgə işləmək niyyətindəyik. Biz Asiya ilə Avropanı birləşdirmək, Afrikanı da bu layihəyə daxil etmək istəyirik. Bu sahə əhəmiyyətli potensiala malikdir. Krallıq qlobal iqtisadi əlaqələrini genişləndirmək istəyir”.
Onun sözlərinə görə, Gürcüstan mühüm strateji mövqeyə malikdir. Xüsusilə indi əhəmiyyətli dərəcədə inkişaf edən Anaklia dərin su limanının tikintisinin vacibliyi daha da artıb.
“Bərpa olunan enerji, yaşıl enerji sahəsində uğurlarınız bizi sevindirir. Bu sahələrə investisiya qoymaq istəyən çoxlu şirkətlərimiz var. Bütün bunlar bizim ambisiyalarımızı və əməkdaşlığımızı nümayiş etdirir”, - deyə Xalid Əl-Falih bildirib.
Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili çıxışında bildirib ki, bu biznes foruma böyük maraq var. Səudiyyə Ərəbistanından bir çox biznes şirkətlərin burada təmsil olunması çox müsbət haldır.
“Biz turizm, yaşıl enerji və nəqliyyat sahələrində əməkdaşlığı səbirsizliklə gözləyirik. Biznes forumun məqsədi tərəfdaşlığı gücləndirmək və dialoq vasitəsilə yeni innovativ layihələr yaratmaqdır. Gürcüstanın iqtisadiyyatın şaxələndirilməsinə sadiqliyi Səudiyyə Ərəbistanının gələcəyinin missiyasına uyğundur”, - deyə Levan Davitaşvili vurğulayıb.
Tbilisi