Seul Koreya müharibəsində bölünmüş ailələrin görüşünün təşkilini istəyir
Pekin, 17 sentyabr, AZƏRTAC
Cənubi Koreya 1950-1953-cü illər müharibəsində Koreyanın iki yerə parçalanması nəticəsində bölünmüş ailələrin görüşlərinin bərpasını istəyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Birlik Nazirliyi məlumat yayıb. Seul Koreya Xalq Demokratik Respublikasının (KXDR) razı olacağı halda, istənilən vaxt bu cür görüşləri təşkil edə biləcəyini açıqlayıb. Milli Birlik naziri Li İn-yunq jurnalistlərə deyib ki, COVID-19 pandemiyasının bitməsindən sonra iki Koreya arasında faktiki sərhəd rolunu oynayan demilitarizasiya zonasındakı Panmuncom qəsəbəsində bu cür görüşlərin təşkilinə ümid edir. O, bölünmüş ailələrin videogörüşlərinin keçirilməsinin də mümkün olduğunu deyib.
Qeyd edək ki, Koreya müharibəsinin ən böyük humanitar “yara”larından biri bölünmüş ailələrdir. Cənubi Koreyada 57 min nəfər Koreya müharibəsi zamanı Şimalda qalan yaxınlarından ayrı düşüb. Onların çoxu 70 ilə yaxındır ki, bir-birini görmür. Tərəflər 1980-ci illərin ortalarından başlayaraq bölünmüş ailələrin görüşlərini təşkil edir. Sonuncu belə görüş 2018-ci ilin avqustunda Şimali Koreyanın Kımqan dağındakı kurortunda baş tutub. Həmin görüşün təşkili barədə razılıq 2018-ci ilin aprelində KXDR lideri Kim Çen In və Cənubi Koreya Prezidenti Mun Ce-inin görüşündə əldə olunmuşdu.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin