SİYASƏT
Sevinc Fətəliyeva: Azad media sərbəst fikir mübadiləsi üçün platformadır
![Sevinc Fətəliyeva: Azad media sərbəst fikir mübadiləsi üçün platformadır](/files/2021/2/1200x630/16243673841208010841_1200x630.jpg)
Strasburq, 22 iyun, AZƏRTAC
Azərbaycanda vəzifələrini yerinə yetirən 2 jurnalist Kəlbəcərdə erməni işğalçılarının basdırdığı minanın partlaması nəticəsində həyatlarını itirdilər. Onlar, sadəcə, öz peşə fəaliyyətlərini yerinə yetirirdilər, erməni işğalçılarının kəndləri dağıdaraq qoyub getdikləri xarabalıq və vandalizm barədə reportaj hazırlayırdılar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-da “Media azadlığı, ictimai etibar və vətəndaşların bilmək hüququ” adlı məruzənin təqdimatı və onun ətrafında müzakirələr zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, heç bir dövlət söz, mətbuat azadlığı olmadan, ideya və fikir yayımlamadan demokratiyanı inkişaf etdirə bilməz. Əhali yaxşı məlumatlı olduqda, sərbəst informasiya aldıqda və sərbəst fikir mübadiləsi, fərqli fikirləri müzakirə edə bildiyi halda demokratik cəmiyyətlər davamlı fəaliyyət göstərə bilər.
Azad medianın sərbəst fikir mübadiləsi üçün platforma olduğunu deyən Sevinc Fətəliyeva qeyd edib ki, inkişaf yalnız müxtəlif fikirlər söylənildiyi təqdirdə mümkündür. Belə bir imkan olmasa, inkişaf, tərəqqi də olmayacaq. Müasir dünya hər hansı bir fikrin eşidiləcəyi etibarlı məkanda yeni davranış normalarını, yeni dialoq mədəniyyətini və söz azadlığını müəyyənləşdirir. Rəqəmsal dövrdə media azadlığı vacib olaraq qalır. İnternet, mobil rabitə və sürətlə inkişaf edən digər rəqəmsal texnologiyalar da daxil olmaqla, yeni media demokratiyanın, sülhün və sabitliyin qorunmasında ənənəvi medianın yerini tamamladı, lakin əvəz etmədi. Medianın sosial və ya ənənəvi olması fərq etmir. Onun əsas məqsədi cəmiyyəti məlumatlandırmaq və onun etibarını qazanmaqdır.
“Dezinformasiya ilə mübarizənin istədiyimiz nəticələrin qazanılmasının açarı olmasını hamımız qəbul edirik. Lakin dezinformasiyanın necə müəyyənləşdirildiyi həlledici əhəmiyyətə malikdir. Məlumatları bloklamaq üçün hamımız “saxta xəbərlər”in manipulyasiyalarının şahidi olduq.
Demokratik bir cəmiyyətdə jurnalistlər həqiqətin bərqərar olmasında mühüm rol oynayırlar. Onların işi vətəndaşların vaxtında, dəqiq və etibarlı məlumat almasını təmin etməkdir. Bəzən jurnalistlər vəzifələrini yerinə yetirərkən təhlükə altında olurlar.
Azərbaycanda vəzifələrini yerinə yetirən 2 jurnalist Kəlbəcərdə erməni işğalçıları tərəfindən qoyulmuş minanın partlaması nəticəsində həyatlarını itirdilər. Onlar, sadəcə, ermənilərin qoyub getdikləri xarabalıq və vandalizm barədə reportaj hazırlayırdılar”, - deyə S.Fətəliyeva diqqətə çatdırıb.
Qeyd edilib ki, söz azadlığı təbiətinə görə media savadlılığı ilə dəstəklənir, çünki bu, vətəndaşların cəmiyyətimizdə gedən prosesi necə istifadə etmələrini, istifadə etdiklərini və qavradıqlarını, eləcə də medianın həyatlarına necə təsir etdiyini anlamağına kömək edir. Bu səbəbdən media savadlılığını idarəetmə, inkişaf və təhsil sistemlərinə inteqrasiya etmək indi daha vacibdir.
Vurğulanıb ki, Azərbaycanda media, xüsusilə də sosial media xalq və hökumət arasında mühüm rol oynayır. Ölkə rəhbərliyinin əsas məqsədlərindən biri də islahatların sürətləndirilməsi, sosial, humanitar və digər sahələrdə müəyyən problemlərin həlli üçün ictimai nəzarəti artırmaqdır. Beləliklə, sosial mediada qaldırılan məsələlər dərhal səlahiyyətlilərin diqqətini çəkir və həllini tapır. Bu nailiyyət dialoqa əsaslanan xalq inamının nümunəsidir.
İnsanlar həqiqəti bilməyə layiqdirlər. Xalqın etibarına zəmanət verilməlidir. Bütün bunlar yalnız media azad, etibarlı və ədalətli olanda mümkündür.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq