ŞƏXSİ NÜMAYƏNDƏLƏRİN İLK GÖRÜŞÜNÜN MAY AYINDA PRAQADA KEÇİRİLMƏSİ PLANLAŞDIRILIR
ABŞ-ın Bakıdakı səfirliyindən aldığımız məlumatda bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Cənubi Qafqaza növbəti səfərin başa çatması ilə əlaqədar bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, nümayəndə heyəti Azərbaycan Prezidenti Heydər Əliyevə və Ermənistan Prezidenti Robert Koçaryana əlavə səviyyədə danışıqlar aparmaq barədə təklif vermişlər. Bu danışıqlar iki Prezident arasında keçirilən birbaşa görüşlərin, habelə Minsk qrupu həmsədrlərinin işi və mütəmadi səfərlərinin əvəzinə deyil, onlara əlavə olaraq aparılacaqdır.
Hər iki prezident təklifi qəbul etmiş və xarici işlər nazirinin müavini səviyyəsində şəxsi nümayəndə təyin etmək barədə razılığa gəlmişlər. Minsk qrupu həmsədrləri iki-üç aydan bir toplaşaraq, şəxsi nümayəndələrin görüşlərinə sədrlik edəcəklər. Şəxsi nümayəndələrin ilk görüşünün may ayında Praqada keçirilməsi planlaşdırlır.