“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində 14 rayon üzrə maarifləndirici görüşlər keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondu və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşlığı çərçivəsində 2025-ci il “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Səyyar Gənclər Xidməti” layihəsi uğurla başa çatıb.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularına həsr olunmuş tədbirlər çərçivəsində gənclər arasında zərərli vərdişlərə qarşı təbliğat işlərinin aparılması və asudə vaxtın səmərəli təşkili məqsədilə müxtəlif maarifləndirmə fəaliyyətləri təşkil edilib.
Layihə çərçivəsində narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri və narkomanlığa qarşı mübarizə üsulları barədə təqdimatlar keçirilib. Bununla yanaşı, sosial fəallığın artırılmasına yönəlmiş sessiyalar, bilik və bacarıqların inkişafı üzrə təlimlər, eləcə də intellektual və həvəskar idman yarışları təşkil olunub.
İşçi Qrupunun əməkdaşları Cəbrayıl, Ağdam, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Şəki, Qax, Zaqatala, Balakən, Quba, Qusar və Xaçmaz rayonlarında ümumilikdə 14 rayon (şəhər) üzrə maarifləndirici görüşlər keçiriblər. 130 kəndi əhatə edən 5 min 350 gəncin iştirakı ilə görüşlər təşkil olunub və anti-narkotik təbliğat işlərinin gücləndirilməsi məqsədilə əyani vəsaitlər paylanılıb.