Sidneydə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan şahmat turniri keçirilib
Kanberra, 24 fevral, AZƏRTAC
Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Azərbaycanlı Tələbə və Məzunların Avstraliya Təşkilatı tərəfindən xatirə şahmat turniri keçirilib.
Tədbirin açılışında çıxış edən təşkilat nümayəndələri 1992-ci ilin fevralında Xocalıda baş vermiş dəhşətli hadisələrdən danışıblar. Vurğulanıb ki, Azərbaycana qarşı ərazi iddiası irəli sürən, torpaqlarımızın 20 faizini işğal edən və etnik təmizləmə siyasəti aparan ermənilər fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum edərək silahsız əhaliyə qarşı qətliam törədiblər. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, bu soyqırımı yalnız Azərbaycan xalqının deyil, eyni zamanda, bütün dünya xalqlarının faciəsidir. Azərbaycanlı gənclər harada olmasından asılı olmayaraq, bu faciənin unudulmaması üçün əllərindən gələni etməli və dünya ictimaiyyətinə Xocalı soyqırımının əsl mahiyyətini çatdırmalıdırlar.
Sonra şahmat turnirinə start verilib. Turnirdə 1-ci yeri Türkiyə vətəndaşı Kerem Aysöyüt, 2-ci yeri Avstraliyada təhsil alan azərbaycanlı tələbə Rəşad Rəhimli, 3-cü yeri isə Avstraliya vətəndaşı Kris Qarvi tutub. Qaliblərə Xocalı soyqırımı və Azərbaycanın milli mənəvi sərvətləri ilə bağlı məlumat kitabçaları, şahmat dəstləri təqdim olunub.
Tədbir Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyi, Sidneydə yerləşən “Nar” restoranı və “Hub-Edu” şirkətinin dəstəyi ilə keçirilib.
Qeyd edək ki, Azərbaycanlı Tələbə və Məzunların Avstraliya Təşkilatı 2014-cü ildə təsis olunub. Təşkilatın başlıca məqsədi Avstraliyada təhsil alan azərbaycanlı tələbələr arasında əlaqələri möhkəmləndirmək, onlara təhsildə və ictimai həyatda dəstək olmaq, müxtəlif tədbirlər vasitəsilə Azərbaycanı təbliğ etməkdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra