Sığortaçılar Assosiasiyası sığorta şirkətlərinin təlim ehtiyaclarını araşdırır
Bakı, 5 iyul, AZƏRTAC
“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi (ASA) yerli sığorta bazarında peşəkar kadr potensialının formalaşdırılıb inkişafı yönündə fəaliyyətini davam etdirir.
ASA-dan AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq Azərbaycan Mərkəzi Bankı (AMB) və Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə sığorta şirkətlərinin insan resursları üzrə mütəxəssisləri iştirak ediblər. ASA-nın İcraçı direktoru Elmar Mirsalayev assosiasiyanın yerli bazarda peşəkar kadr potensialının formalaşdırılmasında maraqlı olduğunu bildirib və Mərkəzi Bankla yerli sığorta bazarı iştirakçılarının bu istiqamətdə dəstəyini yüksək qiymətləndirib. Bununla yanaşı, E.Mirsalayev bu kimi layihələrin davamlı həyata keçirilməsi məqsədilə ASA-nın nəzdində Tədris Mərkəzinin fəaliyyət göstərdiyini və sığorta sahəsi üzrə davamlı olaraq təlim proqramlarının həyata keçiriləcəyini vurğulayıb.
Mərkəzi Bankın nümayəndəsi, layihə meneceri Xumar Hüseynova çıxışında tədbirin əhəmiyyətini və həyata keçirilən təlim layihələrinin yüksək qiymətləndirildiyini bildirib. AMB-nin nümayəndəsi qeyd edib ki, yerli sığorta bazarının sistemli inkişafı istiqamətində hazırda 2 böyük layihə həyata keçirilməkdədir.
Daha sonra tədbirdə iştirak edən Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) İdarə Heyətinin sədri Günay Şahbazova ASA və ARPA arasında bağlanan memorandum çərçivəsində ilk olaraq ASA Tədris Mərkəzi tərəfindən PSS və CII təlimlərinin keçiriləcəyi ilə bağlı danışıb.
ASA Tədris Mərkəzinin rəhbərləri yeni fəaliyyət istiqamətləri və təlim-tədris layihələri haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.
Tədbirin sonunda sığorta şirkətlərinin insan resursları üzrə nümayəndələrinin təklif və fikirləri dinlənilib, müvafiq təkliflərin reallaşdırılması istiqamətində müzakirələr aparılıb.