Silahlı Qüvvələr Günün münasibətilə “Mənim atam qəhrəmandır” adlı tədbir keçirilib
Bakı, 26 iyun, Nicat Məmmədov, AZƏRTAC
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə “Fire Land Production”ın təşkilatçılığı, eləcə də Müdafiə Nazirliyinin, Azərbaycan Milli Güləş Federasiyasının, Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə “Mənim atam qəhrəmandır” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil olunan tədbirin məqsədi Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin yad olunması, onların övladlarına ümumxalq qayğısını bir daha hiss etdirmək, eləcə də uşaqların idmana marağının artırılmasına töhfə verməkdir.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında təşkil olunan tədbirdə çıxış edənlər 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbriklərini çatdırıblar. Çıxışlarda Vətən müharibəsində Şanlı Qələbədən Silahlı Qüvvələr Gününün qalib ölkənin vətəndaşları kimi qeyd olunmasının sonsuz qürur hissi doğurduğu diqqətə çatdırılıb. Həmçinin bu Qələbənin sevincini xalqımıza yaşadan qəhrəman hərbçilərimizin igidliklərinin daim xatırlanacağı, bu yolda canından keçən şəhidlərimizin xatirəsinin əbədi olaraq xalqımızın qəlbində yaşayacağı qeyd edilib. Şəhidlərimizin övladlarının xalqımıza əmanət olduğu, onların daim diqqət və qayğı ilə əhatə olunduğu bildirilib.
Üzərlərində atalarının şəkli olan köynəklər geyən şəhid övladları üçün təşkil olunan tədbirdə müxtəlif idman nömrələri göstərilib, mahnılar səsləndirilib, onlara hədiyyələr təqdim olunub.
Tədbirdə, həmçinin Olimpiya, dünya və Avropa çempionları şəhid övladları ilə təlim-məşq toplanışı keçiriblər.
Sonda tədbirə qatılan Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova uşaqlarla birlikdə Azərbaycan Respublikasının Dövlət Himnini ifa edərək, üçrəngli bayrağımızı ucaldıblar.
Yekun şəhid övladları dünyaya “Müharibə olmasın, uşaqlar atasız qalmasın!” mesajını verərək, sülh rəmzi olan göyərçinləri havaya uçurublar.