REGİONLAR
Şimal bölgəsinin 1200-ə yaxın məzunu Xaçmaz şəhərində biliklərini sınayıb VİDEO
Xaçmaz, 22 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 22-də Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən şimal bölgəsinin məzunları Xaçmaz şəhərində biliklərini sınayıblar.
AZƏRTAC xəbər verir ki, bu bölgədən olan 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 1187 məzun üç mərkəzdə - akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə, Əzizəddin Tahirov adına Köhnə Xaçmaz, və şəhər 9 saylı tam orta məktəblərində imtahan veriblər.
DİM-in Xaçmaz regional bölməsindən AZƏRTAC-a bildirib ki, hər iki mərkəzdə imtahanların keçirilməsi üçün ideal şərait yaradılıb. İmtahanlara 116 nəzarətçi müəllim, o cümlədən 9 imtahan rəhbəri cəlb olunub.
İmtahan saat 11:00-da başlayıb və 3 saat davam edib. İmtahanda abituriyentlərə hər fənnən 25 test tapşırığı olmaqla, ümumilikdə, 125 sual təqdim edilib.
Akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə imtahan rəhbəri olan Ziyəddin Musayev AZƏRTAC-a müsahibəsində imtahanların nəzərdə tutulan qaydalara uyğun başlandığını qeyd edib: “İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. Proses zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb”.
İmtahan Xaçmazla yanaşı, respublikanın daha 10 şəhər və rayonunda, ümumilikdə, 55 binada aparılıb.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.