REGİONLAR
Şimal bölgəsinin dekorativ-tətbiqi sənət ustalarının əl işləri sərgilənib VİDEO
Şabran, 6 may, Elxan Yusifli, AZƏRTAC
Şabrandakı Heydər Əliyev Parkında təşkil olunan festivalda xalq dekorativ-tətbiqi sənət ustalarının yaratdıqları yüzlərlə əl işi sərgilənib.
AZƏRTAC xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən festivalda Şabranla yanaşı, şimal regionunun digər rayonları da təmsil olunub.
Sərgiyə ümumtəhsil məktəbləri, məktəbdənkənar tədris müəssisələri, idman qrupları və müxtəlif mədəniyyət ocaqlarını təmsil edən ümumilikdə 100-dən çox təşkilatın nümayəndələri qatılıb.
Festivalın keçirilməsi xalq sənətkarlığı nümunələrinin nümayişi və təbliği, qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin inkişafı, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanması məqsədi daşıyır.
Xalq dekorativ-tətbiqi sənət ustalarının, şagirdlərin əl işləri, rəsm əsərləri, folklor qruplarının çıxışları, yerli yazıçıların kitabları sərgiyə gələnlərə xoş təsir bağışlayıb.