“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunda vəziyyət necədir? - AÇIQLAMA
Bakı, 28 noyabr, AZƏRTAC
Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclasında regionun nəqliyyat imkanlarının genişləndirilməsi üçün mühüm qərarlara imza atıldı. Tədbir çərçivəsində Azərbaycan, İran və Rusiya arasında üçtərəfli anlaşma memorandumu imzalandı. Bu razılaşma tərəflərin beynəlxalq nəqliyyat dəhlizlərində etibarlı iştirakçı kimi mövqelərini gücləndirir və regionda tranzit axınlarının davamlı artırılması üçün əlverişli şərait yaradır.
AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin 3 qolu var.
“Şərq marşrutu Rusiya, Qazaxıstan, Türkmənistan, İrandır. Dəhlizin digər seqmenti Trans-Xəzər marşrutudur. Xəzər dənizi üzərindən yüklər Rusiyanın Olya limanından Ənzəli limanına daşınır. “Şimal-Cənub” dəhlizinin ən qısa seqmenti isə qərb marşrutudur. Bura Rusiya, Azərbaycan, İran daxildir”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, hal-hazırda ən çox şərq marşrutu ilə - ildə 2 milyon ton yük daşınır. Qərb marşrutu ilə isə 700 min yük daşınıb.
R.Ağamirzəyev bildirib ki, Trans-Xəzər marşrutunun öz çətinlikləri mövcuddur: “Belə ki, Xəzərin şimalında suyun azalması hiss olunduğundan Mahaçqala limanında genişləndirmə işləri aparılaraq daşınan yükün həcmini 5 milyon ton yükə çatdırılması hədəflənir”.
Qərb marşrutunun imkanlarından bəhs edən ekspert bildirib ki, Azərbaycanda avtomobil yolları tam tikilib, şimal istiqamətində ödənişli yol var, eyni zamanda ödənişsiz yol da mövcuddur. Cənubda isə 2018-ci ildən yeni magistral yol çəkilib: “Köhnə magistral yolun hissələri əsaslı təmir olunur. Təmir başa çatandan sonra ödənişli hissələr olacaq”.
Rauf Ağamirzəyevin sözlərinə görə, ötən ildən tikinti işlərinə başlanılan Ələt-Osmanlı-Astara layihəsi üzrə işlər bitəndən sonra tranzit vaxtının azalması, sürətin və buraxıcılıq qabiliyyətinin artırılması nəzərdə tutulub.
“2017-ci ildən Astara şəhərindən yan keçən və İran Astarasında Astaraçay üzərində 8 kilometr dəmiryolu körpüsü tikilib və İran Astarasında terminal qurulub. Gələn ilin ilk yarısında onun tikintisinin başa çatdırılması nəzərdə tutulub. Zəngəzur dəhlizinin icrasından sonra Culfa üzərindən digər qolun işə düşməsi gözlənilir. Azərbaycan öz ərazisindən İran istiqamətində iki çıxış təmin edəcək. Həmçinin İran ərazisində Rəşt-Astara dəmiryolunun illərlə davam edən tikinti layihəsinin 2029-cu ilə qədər istifadəyə verilməsi nəzərdə tutulub. Bu işlər nəticəsində “Şimal-Cənub” dəhlizinin qərb seqmenti daha aktiv fəaliyyət göstərəcək”, - deyə ekspert əlavə edib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında çıxışı zamanı “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində görülən işlər barəsində məlumat verib. ADY sədri qeyd edib ki, Azərbaycanın regionun şimal və cənub istiqamətlərində ticarət axınlarını birləşdirən strateji əhəmiyyətli rol oynayır. “Şimal-Cənub” dəhlizinin Azərbaycandan keçən əsas seqmenti olan Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması ilin sonuna qədər başa çatacaq.
Qeyd edək ki, memorandumun imzalanması üçtərəfli əməkdaşlığın uzunmüddətli inkişafında və “Şimal–Cənub” marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addım olacaq.
Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların buraxılmasını və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur. Bu mexanizmlərin həyata keçirilməsi Rusiya, Azərbaycan və İran arasında daha proqnozlaşdırılabilən, sürətli və iqtisadi cəhətdən səmərəli logistika zəncirinin qurulmasına imkan verəcək.
“İran Dəmir Yolları”nın rəhbəri Cabbar Əli Zakeri anlaşma memorandumuna münasibət bildirərək qeyd edib ki, bu sənəd “Şimal-Cənub” dəhlizinin işə düşməsi və Rusiyadan Hindistana 5 milyon ton yükün daşınması prosesinin reallaşmasına imkan yaradır. Cabbar Əli Zakeri əlavə edib ki, Rusiya və Hindistanın dəstəyi olarsa qısa zamanda bu dəhliz ilə daşınan yükün həcmi 5 milyon, sonrakı mərhələdə isə 15 milyon ton olan bilər.