DÜNYA
Şimali Koreya ilk dəfə uranın zənginləşdirilməsi üzrə obyektlərin fotoşəkillərini dərc edib
Bakı, 13 sentyabr, AZƏRTAC
Şimali Koreya hakimiyyəti bu gün ilk dəfə ölkə lideri Kim Çen Inın səfəri münasibətilə atom bombaları üçün uranın zənginləşdirilməsi üzrə obyektlərin fotoşəkillərini dərc edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadla məlumat yayıb. 2006-cı ildə nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının sanksiyaları altında olarkən ilk nüvə sınağını keçirən Pxenyan indiyədək bircə dəfə də olsun obyektlərini nümayiş etdirməyib. Nüvə döyüş başlıqlarının istehsalı üçün lazım olan zənginləşdirilmiş uran yüksək sürətli sentrifuqalar sayəsində bu zavodlarda istehsal olunur.
"Kim Çen In Nüvə Silahları İnstitutunda və silahlı qüvvələr üçün nüvə materiallarının istehsalı bazasında olub", - deyə obyektlərin harada yerləşdiyini və səfərin nə vaxt baş verdiyini açıqlamayan agentliyin materialında bildirilib.
Kimin görüntülərini yayımlayan agentlik əlavə edib: “Şimali Koreya lideri özünümüdafiə üçün nüvə silahlarının sayını eksponent olaraq artırmaq məqsədilə sentrifuqaların sayını daha da çoxaltmaq zərurətini vurğulayıb”.
Koreya Müdafiə Təhlilləri İnstitutunun qiymətləndirmələrinə görə, Şimali Koreyanın təxminən 80-90 ədəd döyüş başlığı var, lakin Kim Çen In uzunmüddətli perspektivdə onların sayının 100-300-ə çatdırılacağına ümid edir.
BMT Şimali Koreyanın nüvə proqramına qarşı sanksiyalar tətbiq edib, lakin ölkə bu qadağalara məhəl qoymur.