Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir
Bakı, 26 avqust, AZƏRTAC
Türkiyəli musiqiçi, Ankara Müzik ve Güzel Sanatlar Universitetinin dosenti Sinan Ayyıldız üçün saz sadəcə musiqi aləti deyil. Onun sözlərinə görə, bu alət Türk dünyasının musiqilərini ifadə etmək baxımından xüsusi imkanlara malikdir.
AZƏRTAC-a açıqlamasında Sinan Ayyıldız türk musiqisini, türk xalq musiqisini və Türk dünyasının müxtəlif bölgələrinin musiqilərini çox sevdiyini bildirib. O, bu musiqilər arasında bir bağ olduğunu düşündüyünü qeyd edib.“Çaldığım çalğı aləti də sazdır. Əslində, burada da “aşıq” sözü ilə eyni kökdən gələn bir anlayış var. Ona görə sazı, saz çalmağı sevirəm. Çünki bizim üçün saz bu musiqinin bir növ fortepianosu kimidir. Ona görə bu aləti seçdim”, – deyə musiqiçi bildirib.
S.Ayyıldız Azərbaycan və Türkiyə musiqisi arasındakı yaxınlıqdan danışarkən iki ənənənin bir sıra ortaq xüsusiyyətlərə malik olduğunu vurğulayıb. “Türk musiqisi ilə Azərbaycan musiqisi arasında çoxlu ortaq cəhət var. İlk növbədə, məqamlarımız, səslərimiz, pərdələrimiz eynidir, üslublarımız da bir-birinə bənzəyir. Amma təbii ki, stil fərqlərimiz var. Əslində, biz bir Azərbaycan musiqisi dinlədiyimiz zaman onu qəlbimizdə, dərindən hiss edə bilirik”, – deyə o qeyd edib.
Musiqiçi Azərbaycanda çıxış etməyin onun üçün xüsusi hiss olduğunu da bildirib. Onun sözlərinə görə, Azərbaycan melodiyalarını artıq ifa edirlər və bu baxımdan iki tərəf arasında musiqi əlaqəsi mövcuddur. “Gerçəkdən, biz onsuz da Azərbaycan melodiyalarını ifa edirik, çalırıq. Yəni uzaqdan-uzağa artıq bir bağımız var. Amma burada insanların üzündəki xoşbəxtliyi görərək çalmaq daha fərqli bir zövq gətirir”, – deyə Sinan Ayyıldız vurğulayıb. O bildirib ki, Azərbaycan musiqisindən “Kolxoz barı”, “Ləbatxanı” və bir sıra digər oyun havalarını ifa edirlər.
Azərbaycan sənətkarlarından danışan musiqiçi Əzizə Mustafazadə və Vaqif Mustafazadənin yaradıcılığını, xüsusilə Azərbaycan cazını sevdiyini deyib. O, həmçinin Fikrət Əmirov, Bülbül və Rəşid Behbudovun yaradıcılığını yüksək qiymətləndirib. “Gerçəkdən, sevərək dinləyirik. Çünki Azərbaycan sənətçiləri gerçəkdən çox üst bir nöqtədədir. Dinləyərkən çox zövq alırıq”, – deyə S.Ayyıldız əlavə edib.