DÜNYA
Sinqapurda Papa Fransiskə onun adını daşıyan orxideya təqdim edilib
Vatikan, 12 sentyabr, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Asiya və Okeaniya arasında ən uzun apostol səfəri çərçivəsində Sinqapura gedib.
AZƏRTAC xəbər verir ki, parlament binasında Sinqapur Prezidenti Tarman Şanmuqaratnamın iştirakı ilə Roma Papasının qarşılanma mərasimi keçirilib. Mərasimdə pontifikə onun adını daşıyan ağ rəngdə yeni hibrid orxideya təqdim olunub.
Səfər çərçivəsində Papa Fransisk müxtəlif dinlərə mənsub insanlarla görüşlər keçirib, mərkəzi stadionda 50 min mömin qarşısında çıxış edib.
Qeyd edək ki, Papa Fransisk Asiya və Okeaniya arasında 12 günlük səfəri çərçivəsində sentyabrın 2-6-da İndoneziyada, ayın 6-8-də Papua Yeni Qvineyada, 8-10-da isə Timor-Lestedə olub, buradan Sinqapura yola düşüb. Bu, 87 yaşlı pontifikin sayca 45-ci apostol səfəri və ziyarət etdiyi 65-ci ölkədir. Fransisk VI Paul və II İohan Paveldən sonra Asiya və Okeaniyaya səfər edən üçüncü Roma Papasıdır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan