Şirvan Apelyasiya Məhkəməsində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Şirvan Apelyasiya Məhkəməsində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş faciə qurbanlarının xatirəsini anma tədbiri keçirilmişdir.
Məhkəmədən AZƏRTAC-a bildirmişlər ki, tədbiri giriş sözü ilə açan məhkəmənin sədri Qürbət Əsgərov Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı faciəsi haqqında danışmışdır.
Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilərək, etnik azərbaycanlılara qarşı soyqırımı törədilmişdir. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.
Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olmuşdur. 1275 Xocalı sakini əsir, 150 nəfər isə itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına külli miqdarda ziyan vurulmuşdur.
Tədbirdə çıxış edən məhkəmənin hakimləri və aparatın əməkdaşları Xocalı faciəsinə ilk hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini bildirərək soyqırımının başvermə səbəblərinin araşdırılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkəmizdə görülmüş işlərdən danışmışlar.