Şirvanda 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan yürüş keçirilib
Şirvan, 5 mart, AZƏRTAC
Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan tədbir keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə şəhər icra hakimiyyətinin məsul şəxsləri, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və idman məktəblərinin kollektivləri, veteran və gənc idmançılar iştirak ediblər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.
Sonra Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan yürüş keçirilib. Şirvan şəhər Heydər Əliyev adına parkdan başlayan yürüş şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsinədək davam edib. Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin qarşısında davam edən tədbirdə əvvəlcə məktəblilərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Toplantıda Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər icra hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək, bədən tərbiyəsi və idmanın Azərbaycan dövləti üçün hər zaman prioritet sahələrdən birini təşkil etdiyini bildirib. Qeyd edilib ki, ölkəmizin idman sahəsində qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycanın hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biri olduğu vurğulanıb. Dövlət səviyyəsində həyata keçirilən tədbirlərin davamı olaraq, Şirvan şəhərində müxtəlif idman və bədən tərbiyəsi mərkəzlərinin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
Digər çıxış edənlər də ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıblar. Daha sonra bir qrup idmançı və məşqçi-müəllimlər idman sahəsində qazandığı nailiyyətlərə və şəhərin ictimai həyatında fəal iştirakına görə Fəxri fərmanlarla təltif olunub.