REGİONLAR
Şirvanda mindən çox ailə güzəştli şərtlərlə mənzil əldə edəcək
Şirvan, 8 mart, AZƏRTAC
Azərbaycanda vətəndaşların sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mərkəzində dayanır. Paytaxtla bərabər, regionlarda vətəndaşların sosial məsələlərinin həllinə böyük diqqətlə və həssaslıqla yanaşılır.
Mənzil İnşaatı Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, agentliyin növbəti layihəsi - Şirvan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.
Məlumat verilib ki, Şirvan şəhərində 8 hektardan çox ərazidə inşa olunan Şirvan Yaşayış Kompleksi 25 binadan ibarətdir. 9 və 12 mərtəbəli binalarda ümumilikdə 1264 mənzil olacaq. Bunlardan 32-si studio tipli, 216-sı ikiotaqlı, 768-si üçotaqlı, 248-i dördotaqlıdır. Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik olmaqla 1 uşaq bağçasının və 960 şagird yerlik ümumtəhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulur. Bütün mənzillər vətəndaşlara tam təmirli və mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə təklif olunacaq.
Bir müddət sonra Şirvanda yaşı 35-dən çox olmayan gənc ailə üzvləri və ailə vəziyyətindən asılı olmayaraq, digər vətəndaşlar güzəştli şərtlərlə mənzillər almaq hüququndan istifadə edə biləcəklər.
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin regionda ilk layihəsi Sumqayıt şəhərində icra olunub.