Şirvanda Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş mərasim keçirilmişdir
Şirvan, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Şirvan şəhərində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə veteranları, yaşlı nəslin, gənclərin və ictimaiyyətin nümayəndələri əvvəlcə şəhər məktəblilərinin “Xocalı uşaqların gözü ilə” rəsm sərgisi ilə tanış olmuşlar.
Anma mərasimdə çıxış edən şəhər İcra hakimiyyətinin başçısı Mərdan Camalov ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri vəhşiliklərdən, soyqırımdan ətraflı söhbət açmışdır. O, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə düşmən tapdağı altında qalan Azərbaycan torpaqlarının, o cümlədən Xocalı şəhərinin də azad ediləcəyinə əminliyini ifadə etmişdir.
Xocalı şəhər sakini, Şirvan şəhərində məskunlaşmış Arif Əzizov, şəhər 3 nömrəli orta məktəbin direktoru Məhərrəm Teymurov, Türk liseyi direktorunun müavini Saleh Məmmədli, şəhər 16 nömrəli orta məktəbin müəllimi Tamam Ağalıyeva mənfur düşmənin Xocalı şəhərində törətdikləri vəhşilikləri soyqırımı kimi qiymətləndirmiş, dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən Xocalı qətliamına həqiqi hüquqi qiymətin verilməsinin vacibliyini diqqətə çatdırmışlar.
Şəhər 2 nömrəli orta məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
Tədbirin sonunda Şirvan şəhərində məskunlaşmış xocalılara maddi yardım edilmişdir.