Siyasi ekspert: Azərbaycan Respublikasının Konstitusiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan 1991-ci ilin 18 oktyabrında müstəqilliyini yenidən bərpa etdikdən sonra qarşısında bir çox mühüm prioritet məsələlər dayanırdı. Bu prioritetlərdən biri də suverenliyini yenidən bərpa edən gənc Azərbaycan Respublikasının Konstitusiyası idi. Konstitusiya bir dövlətin əsas yaşam göstəricilərindəndir.
Bu vaxta qədər Azərbaycanın 1921-ci, 1936-cı, 1978-ci illərdə konstitusiyaları qəbul edilmişdi. Amma bu konstitusiyalar Azərbaycan SSRİ-nin konstitusiyaları olub. Çünki həmin konstitusiyalar SSRİ qanunları əsasında təşkil edilmişdi. Ancaq 1995-ci ilin 12 noyabrında qəbul edilən konstitusiya əvvəlkilərdən tamam fərqli idi. Çünki bu, müstəqil Azərbaycanın Konstitusiyası idi. Qəbul edilən bu Konstitusiyada Azərbaycan ərazi quruluşuna görə unitar, idarəetmə prinsipinə görə prezidentli respublika olan müstəqil dövlət statusuna malik idi. Müstəqil Azərbaycanın yeni konstitusiyasına əsasən, “hakimiyyətin əsas mənbəyi xalqdır” fikri əsas götürülüb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elman Vəliyev deyib.
Siyasi ekspert deyib: “12 noyabr Konstitusiyasının qəbul edilməsindən sonra Azərbaycanın dövlət dili rəsmi şəkildə təsdiq olundu. Bu da onun göstəricisidir ki, ölkənin əsas atributlarından biri olan dil vahid formaya salındı. Dil bir ölkəni təqdim edən əsas göstəricilərdən biridir ki, konstitusiyamızın qəbul olunmasından sonra öz yerini qorudu”.
Ulu öndər Heydər Əliyevin Konstitusiyamızın qəbul olunmasındakı fəaliyyətindən danışan Elman Vəliyev vurğulayıb ki, bu konstitusiya dünya təcrübəsinə əsaslanaraq hazırlanmış ən unikal hüquqi aktlardan biridir. Müasir müstəqil Azərbaycan Respublikasının Konstitusiyası əsas hüquqi akt kimi dünya miqyasında öz yerini tutub. Ümumilikdə isə Azərbaycan Respublikasının Konstitusiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycanın ən çətin günlərində hakimiyyətə qayıdışı, çalışması bugünkü müasir konstitusiyamızın ərsəyə gəlməsini vacib etdi. Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqlarının qorunması, bərabərlik, azad yaşam formalarını ciddi şəkildə qoruyur, müdafiə edir. O əlavə edib ki, 1995-ci il konstitusiyasına 2002-ci, 2009-cu, 2016-cı illərdə bir neçə dəyişiklik edilib.
Azərbaycan Respublikasının Konstitusiyası 12 fəsildən 158 maddədən ibarət, demokratik göstəriciləri özündə cəm edən hakimiyyətin xalqa məxsus olması, sərbəst toplaşmaq, azad seçki, söz-mətbuat azadlığı, vətəndaş cəmiyyəti, hüquqi dövlət və sair kimi hüquqları insanlara tanıyır.