SİYASƏT
“Siyasi Partiyalar haqqında” yeni qanun layihəsi Azərbaycanda mövcud siyasi sistem nəzərə alınmaqla hazırlanıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Parlamentdə təmsil olunan siyasi partiyalar “Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədrinə müraciət edib. Mövcud Qanun 30 il bundan əvvəl qəbul edilib. 30 ildə Azərbaycan dəyişib, qalib Azərbaycan statusuna yüksəlib, beynəlxalq münasibətlər sistemində söz sahibi olub. Bütün bu zərurət yeni qanun layihəsinin ərsəyə gəlməsinə rəvac verib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Fəzail İbrahimli “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı oktyabrın 24-də parlamentdə keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib.
Fəzail İbrahimli bildirib ki, son illərdə Azərbaycanda sistemli xarakter daşıyan islahatlar keçirilir. Cəmiyyətin bütün sahələrini əhatə edən bu dəyişikliklər dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə baş tutur. Hakimiyyət qolları arasında da əməkdaşlıq əlaqələri güclənir. Parlamentdə YAP-la yanaşı müxalif partiyaların nümayəndələrinin də təmsil olunması bunu bir daha sübut edir.
“Yeni qanun layihəsi də Azərbaycanda mövcud olan siyasi sistemin ciddi məqamları nəzərə alınmaqla hazırlanıb. Bizim ilk söykəndiyimiz mənbə Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı verdiyi tövsiyələrdir. Bundan başqa, biz ekspert Komissiyası yaratdıq. İyirmi ölkənin bu sahədəki təcrübəsi diqqətlə öyrənilib və araşdırılıb. Qanun layihəsinin hazırlanmasında ölkədə olan siyasi partiyalardan gələn təkliflər də mühüm rol oynayıb. Sənədlə bağlı 47 siyasi partiyadan 250-yə qədər təklif gəlib. Biz bu təklifləri qruplaşdırıb, təhlil etdik. Eyni zamanda, Sosial Tədqiqatlar Mərkəzi vasitəsilə sorğular aparıb”, - deyə Milli Məclis sədrinin müavini qeyd edib.