Siyəzəndə məktəblilərin əl işlərindən ibarət sərgi açılıb
Siyəzən, 14 iyun, Elxan Yusifli, AZƏRTAC
Siyəzən rayon Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan məktəblilərin əl işlərindən ibarət sərgi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə rayon ümumtəhsil məktəbləri şagirdlərinin 100-ə yaxın əl işi nümayiş etdirilir.
İyunun 14-də sərgidə əl işləri nümayiş etdirilən gənc rəssamlara fəxri fərmanlar təqdim olunub.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov sərgi iştirakçılarına uğurlar arzulayıb, 15 İyun - Milli Qurtuluş Gününün əhəmiyyəti haqqında danışıb.
Sonra mərkəzdə Milli Qurtuluş Gününə həsr olunan dəyirmi masa təşkil olunub.
Çıxışlarda bildirilib ki, 1993-cü ildə yenicə müstəqilliyini bərpa edən respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ulu öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxıb. Bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.
Tədbirdə 1993-cü ilin iyun hadisələri, respublikanın ictimai-siyasi həyatında baş verən proseslər bir daha xatırlanaraq təhlil edilib, hakimiyyətdə olan səriştəsiz rəhbərlərin şəxsi ambisiyaları ucbatından ölkədə xaos, böhran yarandığı, Azərbaycanın parçalanmaq təhlükəsi ilə üzləşdiyi diqqətə çatdırılıb.
Çıxışlarda Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirdiyi diqqətə çatdırılıb.