SOCAR-ın mədən ərazilərində 99 minədək müxtəlif növ ağaca aqrotexniki xidmətlər göstərilir
Bakı, 30 dekabr, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC SOCAR-ın mədən ərazilərində 99 minədək müxtəlif növ ağaca aqrotexniki xidmətlər göstərir.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, hazırda qış mövsümü ilə əlaqədar olaraq QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində, “Azneft” İB-nin “BibiHeybətneft”, “Abşeronneft” və H.Z.Tağıyev adına neft və qazçıxarma idarələrinin (NQÇİ) mədən ərazilərində 98 min 981 ədəd müxtəlif növ ağac və bəzək kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir. Bununla yanaşı, QSC “Azneft” İB NQÇİ-lərinin mədən ərazilərində yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə yeni sahələrdə müxtəlif növ ağacların əkilməsini təmin edir.
Qış mövsümü ilə əlaqədar digər sahələrdə olduğu kimi, “Azneft” İB-nin “BibiHeybətneft” NQÇİ-nin ərazisində də zəruri işlər yerinə yetirilir. Ərazidə olan 57 min 34 ədəd müxtəlif növ ağac, bəzək kollarına və istixanada əkilmiş 13 min ədəd şitilə QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin yaşıllaşdırma üzrə 2-ci sahəsinin işçiləri və mütəxəssisləri yüksək səviyyədə qulluq edirlər.
Yaşıllaşdırma sahəsinin işçilərinin göstərdiyi yüksək səviyyəli aqrotexniki xidmətlər və yaşıllıq sahələrinin damcı üsulu və suvarma yolu ilə suvarılması bitkilərin normal inkişafını təmin etmişdir. Hazırda digər sahələrdə olduğu kimi qış mövsümü ilə əlaqədar SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd müxtəlif növ ağac və bəzək kollarına yüksək səviyyədə xidmətlər göstərilir, budama işləri aparılır.
Bu ilin yaz, yay, payız mövsümlərində olduğu kimi qış mövsümündə də sahələrdəki bütün növ ağac və bəzək kollarına aqrotexniki xidmət göstərilib, lazımi üzvi və mineral gübrələrlə təchiz edilib. Suvarma və budama işləri aparılıb.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin ərazilərində yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər davam etdirilir.