SOCAR növbəti genişmiqyaslı ağacəkmə kampaniyasına start verib
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) növbəti genişmiqyaslı ağacəkmə kampaniyasına start verib.
AZƏRTAC xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə “Bibiheybətneft” neft və qaz çıxarma idarəsinin mədən ərazilərində keçirilən iməcilikdə 2 min 700 ədəd müxtəlif növ ağac və kol bitkiləri əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Məlumat verilib ki, 2006-cı ildən bu vaxtadək “Bibiheybətneft” neft və qaz çıxarma idarəsinin mədən ərazilərində neft və neft məhsulları ilə çirklənmiş və lay suları altında qalmış 318,4 hektar sahə rekultivasiya olunub. Torpaq və bitki örtüyünün bərpası məqsədilə indiyədək ərazidə 49 mindən çox müxtəlif növ ağac və kol bitkiləri əkilib.