Soltan Məmmədov: Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidentinin mövqeyi Azərbaycan xalqının iradəsini əks etdirir. Münaqişənin dinc yolla həlli üçün biz kifayət qədər gözlədik. Təəssüf ki, Ermənistan bu fürsəti düzgün dəyərləndirə bilmədi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.
Ermənistan hakimiyyətinin indiyə qədər nümayiş etdirdiyi mövqenin konstruktiv ruha əsaslanmadığını vurğulayan deputat hesab edir ki, beynəlxalq ictimaiyyətin də lazımi reaksiya verməməsi danışıqların nəticəsiz qalmasında az rol oynamayıb.
“Azərbaycan dəfələrlə münaqişənin sülh yolu ilə həll olunmadığı təqdirdə gücə əl atacağına dair xəbərdarlıq etmişdi. Təəssüf ki, beynəlxalq ictimaiyyət də, Ermənistan da bu xəbərdarlıqlara etinasız yanaşdı. Ermənistanın sentyabrın 27-də əl atdığı hərbi təxribat sülh üçün bütün yolları bağlamış oldu. Buna görə də Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları tamamilə legitimdir. BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir. Biz BMT Nizamnaməsinin verdiyi bu hüquqdan istifadə edirik”, - deyə deputat qeyd edib.
Soltan Məmmədov Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşdiyini vurğulayıb: “Əlbəttə ki, ölkəmizin iqtisadi, hərbi potensialı, beynəlxalq nüfuzu Ermənistanla heç cür müqayisə oluna bilməz. Lakin bizim ən böyük gücümüz birliyimiz, həmrəyliyimizdir. Bu birlik və həmrəylik isə Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, məqsədyönlü siyasət nəticəsində formalaşıb və möhkəmlənib”.
Milli Məclisin deputatı Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı nümayiş etdirdiyi prinsipial və qətiyyətli mövqenin bütün vətəndaşlar tərəfindən dəstəkləndiyini bildirib: “Biz bu mübarizədə haqlı olduğumuza əminik. Həm tarix, həm də beynəlxalq hüquq Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqləyir. Cənab prezident “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində də bildirdi ki, Azərbaycanın tələbi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir və işğalçı ölkə ərazilərimizi tərk etməlidir. Azərbaycanda sıravi vətəndaşdan başlamış ölkənin ali siyasi rəhbərliyinə qədər hamının mövqeyi eynidir”.