Soltan Məmmədov: Ermənistan təxribatlarını davam etdirsə, daha böyük çətinliklərlə qarşılaşa bilər
Bakı, 23 dekabr, AZƏRTAC
Ermənistan rəsmilərinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində yaşayan 120 min erməninin “blokada”da olması ilə bağlı iddiaları tamamilə əsassızdır. Birincisi ona görə ki, bu ərazilərdə yaşayan ermənilərin sayı dəfələrlə şişirdilir. İkincisi, Azərbaycan ekofəallarının keçirdiyi aksiya Laçın yolundan humanitar məqsədlərlə istifadə üçün heç bir məhdudiyyət yaratmır.
Bu fikriləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat qeyd edib ki, dekabrın 22-də Xankəndidə keçirilən aksiyada iştirak edənlərin sayının az olması da Ermənistan hökumətinin səsləndirdiyi rəqəmin reallıqdan çox uzaq olduğunu təsdiqləyir.
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsi regionda bir sıra yeni reallıqlar yaradıb. Bu reallıqlardan biri də bundan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və öz suveren ərazilərində yerləşən sərvətlərin qeyri-qanuni talanmasına imkan vermək niyyətində deyil. “Laçın yolunda keçirilən etiraz aksiyası tamamilə dinc xarakter daşıyır. İndi Ermənistandan Xankəndidə keçirilən aksiyalara avtobuslarla insanların gətirilməsi mümkün olmur. Yəni, saxtakarlıq imkanları xeyli dərəcədə məhdudlaşıb. Bu gün Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonası sayılan Azərbaycan ərazilərində yaşayan ermənilərin sayı 20-25 min civarında qiymətləndirilir, hərçənd ki, bu, maksimum ehtimaldır. Lakin sayından asılı olmayaraq, Azərbaycan öz ərazilərində yaşayan bütün insanların təhlükəsizliyini və hüquqlarını təmin etməyə qadir güclü dövlətdir”, - deyə Milli Məclisin deputatı qeyd edib.
Soltan Məmmədov bildirib ki, dünən Azərbaycanın Xankəndi şəhərində ermənilərin keçirdiyi aksiya “humanitar fəlakət” iddialarını da ifşa edir. Müxtəlif mənbələrdən götürülən rəqəmlərdə biz Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin real sayı ilə bağlı məlumatlar əldə edə bilərik. Digər tərəfdən, Laçın yoluna Azərbaycanın nəzarət etmək imkanları var və bu yolda hərəkətin intensivliyi, statistikası ilə bağlı informasiyaları toplamaq çətin deyil. Ona görə də Ermənistan hökumətinin səsləndirdiyi rəqəmlər, sadəcə olaraq, reallığı təhrif etməklə beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməyə hesablanıb.
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, hazırda Ermənistanın qarşılaşdığı ən ciddi çağırışlardan biri də demoqrafik böhrandır. Bu problem Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində yaşayan erməni icması üçün də xarakterikdir. Ciddi iqtisadi problemlərlə qarşılaşan Ermənistan regionda sülhün və sabitliyin təmin olunması üçün irəli sürülən təşəbbüsləri düzgün qiymətləndimədiyi, müxtəlif məzmunlu təxribatlarını davam etdirdiyi təqdirdə, daha böyük çətinliklərlə qarşılaşa bilər.