Somalidə partlayış nəticəsində azı 60 terrorçu ölüb
Qahirə, 8 iyun, AZƏRTAC
Somalinin cənub bölgəsində “Əl Şabab” terror təşkilatının düşərgəsində bomba anbarının partlaması nəticəsində azı 60 terrorçu ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Somali Milli Ordusunun qərargahı məlumat yayıb.
“Əl Şabab” silahlıları bu bombalardan Somalinin Kurtunvari bölgəsindəki yaşayış məntəqələrinə hücumlar zamanı istifadə etməyi planlaşdırıb. Lakin naməlum səbəbdən həmin bombaların partlaması terrorçuların özlərinin ölümünə səbəb olub. Partlayış nəticəsində ölənlər arasında təşkilatın bomba hazırlayan mütəxəssisləri və əcnəbi terrorçular da var.
Somali Ordusunun məlumatında qeyd olunub ki, son üç həftədə ölkənin Orta Şabel rayonunda həyata keçirilən hərbi əməliyyatlar zamanı azı 130 “Əl Şabab” silahlısı öldürülüb. Ordunun komandanı Yusuf Rade bildirib ki, əməliyyatlar terror təşkilatı üzvlərinin tamamilə zərərsizləşdirilməsinə qədər davam edəcək. Onun sözlərinə görə, ağır itkilərə məruz qalsa da, “Əl Şabab” hələ də əhali üçün təhlükəlidir. “Əl Qaidə”nin bir qolu olan bu terror təşkilatı Somalinin ucqar kəndlərində mülki əhaliyə silahlı hücumlar edir, əraziləri minalayır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə