CƏMİYYƏT
Son beş ildə Kür çayında su sərfi norma göstəricilərinə çatmır
Bakı, 9 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin ölkə çaylarında, o cümlədən transsərhəd çaylarda aparılan monitorinqlərin nəticələri onu göstərir ki, həm respublikanın daxili çaylarında, eyni zamanda, qonşu ölkələrdə formalaşaraq ölkəmizə daxil olan Kür, Araz, Qanıx, Qabırrı və Samur çaylarında suyun səviyyəsi azalıb. Son 10 ildə azalma özünü daha çox büruzə verir. Burada əsas təsir insan fəaliyyətidir. Sudan kortəbii istifadə edilməsi, suya qənaət edilməməsi əsas amillərdən biridir. Digər faktor iqlim dəyişmələridir. Belə ki, iqlim dəyişmələri nəticəsində çayların hövzəsində toplanan qar ehtiyatının azalması və gursululuq dövrü qabağı vaxtından tez əriməsi, yağıntının azalması birbaşa su ehtiyatlarına öz təsirini göstərir. Nəticədə həm daxili, həm də transsərhəd çaylarda suyun səviyyəsində azalma müşahidə olunur. Bu da sudan səmərəli, düzgün, qənaətlə istifadə edilməsinin vacibliyinə diqqət çəkən bir xəbərdarlıqdır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
A.Verdiyev bildirib ki, son beş ildə Kür çayının Qıraqkəsəmən məntəqəsində azalma özünü 35 faizədək göstərməkdədir: “On beş iyirmi il əvvəl gursululuq dövründə Kür çayının maksimal su sərfi saniyədə 1500-2000 hətta 2500 kubmetr olurdusa, son 5-10 ildə həmin rəqəmlər qeydə alınmır. Kürün su sərfi saniyədə 900 kubmetrdən yuxarı olmur. Digər çaylarda da eyni vəziyyətdir. Son beş ildə Kürdə sululuq 50-81 faiz arasında dəyişir və norma göstəricilərinə heç çatmır. Qanıx çayında isə həmin göstərici 55-87 faiz arasında tərəddüd edir. Gələcək iqlim ssenariləri onu göstərir ki, qeydə alınan azalmalar davam edəcək. Odur ki, sudan səmərəli istifadəyə xüsusi diqqət yetirilməlidir”.