Son illər Azərbaycanla Mərakeş arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm irəliləyişlər əldə edilib
Rabat, 12 oktyabr, AZƏRTAC
Mərakeş və Qərbi Afrikanın ən nüfuzlu nəşri olan “Maroc Diplomatique” Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovun müsahibəsini dərc edib.
AZƏRTAC xəbər verir ki, səfir Mərakeşlə Azərbaycan arasında iki ölkənin ərazi bütövlüyünün dəstəklənməsi ilə əlamətdar olan, müxtəlif sahələrdə əməkdaşlıqla dəstəklənən diplomatik münasibətlərin qurulmasından otuz il keçdikdən sonra artıq Rabat və Bakı arasında əməkdaşlığın yeni mərhələsinə keçməyin vaxtı gəldiyini diqqətə çatdırıb.
O.Qurbanov Azərbaycanın Ermənistanı məğlub etdiyi 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanla Mərakeş arasında qardaşlıq əlaqələrinin möhkəmləndiyini vurğulayıb.
Səfir müsahibəsində Azərbaycan ilə Mərakeş arasında dostluq münasibətlərinin bütün tarixi ərzində əməkdaşlığın mühüm məqamlarından danışıb. Qeyd edib ki, bu gün Bakı ilə Rabat arasında münasibətlərin hazırkı mərhələsi iki ölkənin liderləri, Mərakeş Kralı VI Məhəmmədin və Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində inkişaf edir.
Diplomat bildirib ki, son illər iki ölkə ikitərəfli münasibətlərin möhkəmləndirilməsində mühüm irəliləyişlər əldə edib. Hökumətlərarası Komissiyanın 2018-ci il martın 5-də keçirilmiş ilk iclası zamanı bu əlaqələrin müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, turizm, mədəniyyət, gənclər, idman, ədliyyə və digər sahələrdə inkişaf etdirilməsinə imkan yaradan çoxlu sayda saziş imzalanıb. Lakin iki qardaş ölkə arasında ticarət dövriyyəsinin həcmi iki dövlətin rifahı üçün istifadə edilməli olan mövcud potensialı tam əks etdirmir.
Ulu öndər Heydər Əliyevin adının Azərbaycan üçün nə demək olduğuna dair sualı cavablandıran səfir deyib: “Ulu öndər Heydər Əliyev ölkəni sabitliyə, təhlükəsizliyə, tərəqqiyə aparan görkəmli siyasətçi olub, göstərdiyi qəhrəmanlıq və Vətənə münasibəti sayəsində Azərbaycan xalqının yaddaşında bütün azərbaycanlıları birləşdirən böyük vətəndaş, parlaq şəxsiyyət kimi qalıb. Heydər Əliyev təkcə Azərbaycana deyil, bütün regiona sülh və iqtisadi rifah gətirib”.
O.Qurbanov mərhum Kral II Həsənlə ulu öndər Heydər Əliyevin tarixi görüşünün Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında möhkəm ikitərəfli əlaqələrin başlanğıcı olduğunu xatırladıb.
Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti regionda təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir. Azərbaycanın regional və dünya enerji bazarlarında artan rolu sayəsində ölkəmiz beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır.
“Maroc Diplomatique” yazır ki, Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanov öz fəaliyyətində ölkəsinin Mərakeş Krallığı ilə parlament, iqtisadi və ticarət əməkdaşlığını gücləndirmək, eyni zamanda, münasibətlərin digər üfüqlərini açmaq niyyətindədir. Səfir əmindir ki, Hökumətlərarası Komissiyanın yaxın vaxtlarda keçiriləcək ikinci iclası ikitərəfli münasibətlərin möhkəmlənməsinə böyük töhfə verəcək.
Nigar Cəfərli
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat