“Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılmasının siyasi-hüquqi mexanizmləri” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Xocalıya ədalət” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılmasının siyasi-hüquqi mexanizmləri” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Mahmud Qubatov Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsinin tarixi zərurət olduğunu vurğulamışdır. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı praktik təşəbbüsün ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf etdiyini söyləmişdir. Bildirmişdir ki, bu məqsədlə atılan mühüm addımlardan biri də erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edərək BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.
M.Qubatov demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət davam etdirilir.
Rayon icra hakimiyyəti başçısının müavini M.Qubatov Xocalı gerçəkliklərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərinin olduqca böyük olduğunu, Fondun dəstəyi və təşkilatçılığı ilə hər il keçirilən silsilə tədbirlərin beynəlxalq ictimaiyyətdə XX əsrin ən böyük faciəsi haqqında dolğun təsəvvürlər formalaşdırdığını xüsusi qeyd etmişdir. Bildirmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2009-cu ildən “Xocalıya ədalət” kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır. Bütün bunlara baxmayaraq, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu, işğalçı əməllərə qarşı qəti tədbirlər görülməmişdir. M.Qubatov ümumbəşəri dəyərlərə, beynəlxalq hüquqi normalarına əsasən düşünmək və qərar qəbul etməyin zamanı çatdığını, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın haqq mövqeyini dəstəkləməsinin, işğalçı Ermənistan dövlətinə qarşı sərt sanksiyalar tətbiq etməsinin vacibliyini vurğulamışdır.
Sonra Abdullah Buksurin “Etnik təmizləmə və soyqırımı siyasəti”, Aleksandr Merejkonun “Beynəlxalq hüquqda soyqırımı məsələləri”, Sezen Seyfullahın “Dağlıq Qarabağın işğalı və onun nəticələri”, Ekatrine Petkoviçin “İşğal aktı və insan hüquqları”, Mürtəza Həsənovun “Xocalı soyqırımı: tarixi və siyasi aspektlər kontekstində” mövzularında məruzələri dinlənilmişdir.
Natiqlər ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin birbaşa olaraq beynəlxalq hüquqa zidd olduğunu qeyd etmişlər. Xocalıda baş verən hadisələrdə azərbaycanlıların təbii hüquqlarının-xüsusilə yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət hüquqlarının kəskin şəkildə pozulub tapdanıldığı, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu soyqırımında insan hüquq və azadlıqlarını özündə əks etdirən Cenevrə Konvensiyasının, BMT-nin Baş Məclisinin 1948-ci il dekabrın 10-da elan olunan İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin, “İnsan Hüquqlarının Ümumi və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının, BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Paktının maddələrinin kobud şəkildə pozulduğu bildirilmişdir.
Soyqırımın insanlığa qarşı cinayət, insanın varlığını alt-üst edən, həyatını sarsıdan dəhşət olduğu, soyqırıma siyasi qiymət vermək üçün ilk növbədə onu düşünülmüş siyasət olduğunu vurğulamağın, dövlət siyasəti səviyyəsində həyata keçirilməsini pisləməyin və bu yöndə beynəlxalq cəbhədən çıxış etməyin ən zəruri məsələ olduğu vurğulanmışdır. Bunun dünyanın təkcə xocalılarla deyil, həm də soyqırımı yaşayan və onun nəticələrinin ədalətli həllini gözləyənlərlə həmrəyliyi bəyan etmək olduğu qeyd edilmişdir.