İQTİSADİYYAT
SPECA-nın ticarət və gender üzrə işçi qruplarının iclasları keçirilib







Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycanda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi başlayıb.
AZƏRTAC xəbər verir ki, SPECA həftəsi çərçivəsində SPECA Ticarət üzrə İşçi Qrupunun 18-ci iclası keçirilib. SPECA Ticarət üzrə İşçi Qrupunun sədri, Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzodanın moderatorluğu ilə keçirilən tədbirdə proqramın əhatə etdiyi dövlətlərin ticarət sahəsində əlaqələrin genişləndirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, qarşılıqlı faydalı ticarət tərəfdaşlığının inkişaf etdirilməsi milli iqtisadiyyatların şaxəli inkişafına və qlobal iqtisadiyyata sıx inteqrasiyasına mühüm töhfələr verə bilər. Sessiyada ÜTT prosesində SPECA-nın iştirakçısı olan dövlətlər arasında əməkdaşlıq, ticarətin asanlaşdırılması strategiyası və əlaqədar yol xəritəsi, davamlı ticarət prinsiplərinin həyata keçirilməsi, BMT standartlarından istifadə etməklə multimodal nəqliyyat və ticarətdə məlumatların və sənəd mübadiləsinin rəqəmsallaşdırılması, davamlı ticarətin inkişafı üçün SPECA dövlətlərinin milli və regional planları və strategiyaları, həmçinin digər məsələlər nəzərdən keçirilib.
Tədbir çərçivəsində İşçi Qrupun qarşıdakı 2-3 il ərzində həyata keçirəcəyi prioritet tədbirlərin müəyyənləşdirilməsi yönündə də müzakirə aparılıb.
Açılış sessiyası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Maryasin, BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibinin müavini Lin Yang, BMT-nin Qadınlar üzrə regional direktorunun müavini Elisa Fernandez Saenzin iştirakı ilə keçirilən SPECA Gender və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə İşçi Qrupunun iclasında isə qadınların iqtisadi səlahiyyətlərinin artırılması və gender bərabərliyinin hamı üçün firavan, əhatəli və davamlı gələcək vəd etdiyi vurğulanıb. Qeyd olunub ki, bu məsələ BMT-nin 2030-cu ilədək gündəliyində geniş əksini tapıb.
Sessiya çərçivəsində gender məsələlərinin SPECA-nın diqqət mərkəzində saxlanması yolları, qadınların cəmiyyətdə bərabər hüquqlu olmasını təmin etmək üçün qəbul edilmiş siyasi təşəbbüs və müsbət təcrübələr, region ölkələrinin bu sahədə əməkdaşlığının gücləndirilməsi, gender bərabərliyi potensialının araşdırılması, bölgədə gender bərabərliyi vasitəsilə qlobal bağlantı və transformasiyanın gücləndirilməsi kimi məsələlər müzakirə olunub. Tədbirdə gələcək əməkdaşlıq, səmərəli dialoq və təcrübə mübadiləsinin aparılması üçün sistemli tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirilib.