Stolüstü tennis üzrə Azərbaycan Kuboku start götürüb
Bakı, 26 noyabr, AZƏRTAC
Bakıda stolüstü tennis üzrə Azərbaycan Kuboku start götürüb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) AZƏRTAC-a bildirilib ki, “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışda Bakı ilə yanaşı, müxtəlif şəhər və rayonları təmsil edən 14 və 18 yaşadək idmançılar mübarizə aparırlar.
Açılış mərasimində çıxış edən ASTF-nin vitse-prezidenti Elmar İslam və qurumun baş katibi Könül Mikayılova VI İslam Həmrəyliyi Oyunlarında qazanılan nailiyyətdən söz açıb, yarışın bürünc mükafatçıları Adil Əhmədzadə, Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovanı təbrik ediblər. Sonda ölkə kuboku açıq elan edilib.
Dörd gün davam edəcək turnirdə komanda, şəxsi, qoşa, və qarışıq qoşa növlərində qalib və mükafatçılar müəyyənləşəcək. Fərqlənən idmançılara diplom, medal və hədiyyələr təqdim olunacaq.