İQTİSADİYYAT
Su resurslarına tələbatın təhlilinin modelləşdirilməsi mövzusunda təlim keçirilib
Bakı, 4 mart, AZƏRTAC
“Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarə edilməsi və ekosistem xidmətlərinin qorunması” (ECOserve) proqramı çərçivəsində dayanıqlı kənd təsərrüfatı üçün su resurslarına tələbatın təhlilinin modelləşdirilməsi mövzusunda təlim keçirilib. Kənd Təsərrüfatı Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlıq çərçivəsində icra olunan “ECOserve” proqramı çərçivəsində beynəlxalq ekspert tərəfindən keçirilən təlimdə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsi, Aqrar Tədqiqatlar Mərkəzi, Azərbaycan Respublikasının Kosmik Agentliyi, Milli Aerokosmik Agentliyinin mütəxəssisləri iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlimdə peyk təsvirlərindən və Coğrafi İnformasiya Sistemləri (CİS) məlumatlarının təhlili zamanı proqramlaşdırma vasitələrindən istifadənin əhəmiyyəti barədə təqdimat keçirilib. Qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının istehsalında suvarma suyundan səmərəli istifadə mühüm əhəmiyyət daşıyır. Qlobal iqlim dəyişikliyi fonunda dünyanın əksər ölkələrində aqrar sahədə su resurslarının səmərəli idarə edilməsi vacibdir. Vurğulanıb ki, proqnozlaşdırılan su resurslarının azalması suvarmanın düzgün idarə edilməsini və suya tələbatın dəqiq hesablanmasını zəruri edir. “ECOserve” proqramı çərçivəsində aidiyyəti qurumlarla birlikdə kənd təsərrüfatı sektorunda sudan davamlı istifadə ilə bağlı məlumatlar toplanılıb, təhlillər aparılıb və suvarma suyuna tələbatın analizi məqsədilə yeni yanaşma hazırlanıb. Ölkə üzrə bitkilərin suya olan tələbatının qiymətləndirilməsi məsafədən zondlama ilə torpaq təsnifatı, bulud hesablamaları və CİS mühitində su balansı sxeminin tətbiqi vasitəsilə həyata keçirilib. Bu tədqiqat regionda tələb olunan dayanıqlı su siyasətinin həyata keçirilməsi vacib olan ərazidə su ehtiyatlarının suvarmada istifadəsi üzrə məlumat çatışmazlığını aradan qaldırmağa kömək edəcək.
Qeyd edək ki, “Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarə edilməsi və ekosistem xidmətlərinin qorunması” proqramının əsas məqsədi təbii ehtiyatlardan davamlı və ekoloji cəhətdən təmiz istifadəni təşviq etməkdir. Proqram çərçivəsində ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, suvarma suyuna olan tələbatın təhlili, kənd təsərrüfatında təbii ehtiyatlardan davamlı istifadə, hüquqi çərçivənin təkmilləşdirilməsiilə bağlı təlimçilər və fermerlər üçün təlimlər keçirilib, ekskursiyalar təşkil olunub.