Sudan iqtisadiyyatı çöküb: ölkədə əlahiddə iqtisadi məhkəmələr yaradılıb
Qahirə, 11 sentyabr, AZƏRTAC
Sudanda sel və daşqınların səbəb olduğu fəlakət nəticəsində milli valyutanın rekord həddə ucuzlaşması və yüksək inflyasiya hökuməti əlahiddə rejim tətbiq etməyə məcbur edib.
AZƏRTAC xəbər verir ki, rəsmi SUNA agentliyi möhtəkirlərə qarşı mübarizə aparmaq və valyuta dəyişən “qara bazar” iştirakçılarını sərt şəkildə cəzalandırmaq məqsədilə əlahiddə iqtisadi məhkəmələr yaradılması barədə məlumat yayıb.
Sudanın Maliyyə naziri Həba Əli jurnalistlərə bildirib ki, ABŞ dollarının məzənnəsinin kəskin artması nəticəsində möhtəkirlər maliyyə sabotajına əl atıblar. Əvvəllər 50 Sudan funtuna bərabər olan milli valyuta indi 240-a yüksəlib, ölkədə illik inflyasiyanın səviyyəsi isə 143 faizə qalxıb. COVID-19 pandemiyası ilə əlaqədar iqtisadiyyatda məhdudlaşdırmalar vəziyyəti daha da ağırlaşdırıb. Sudan iqtisadiyyatının əsas gəlirini təmin edən qızıl ixracı isə qaçaqmalçılıq ucbatından ciddi problemlə üzləşib.
Ədliyyə naziri Nəsrəddin Əbdülbari jurnalistlərə deyib ki, iqtisadi sabotaj törədənləri 1 ildən 10 ilədək həbs cəzası gözləyir.
Baş Nazir Abdalla Həmduk isə bəyan edib ki, ölkə iqtisadiyyatının dirçəldilməsi üçün 8 milyard dollar vəsait tələb olunur. Onun sözlərinə görə, iyunda beynəlxalq donorlar Sudanın keçid hökumətinə 1,8 milyard dollar vəsait ayırıb. Ağır vəziyyətdən çıxmaq məqsədilə Sudan hökuməti bu ölkəyə qarşı sanksiyaları ləğv etmək üçün ABŞ-a müraciət edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə