Sumqayıt Dövlət Universitetində Xocalı şəhidlərinin xatirəsi anılıb
Sumqayıt, 26 fevral, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində təşkil edilən sərgi ilə tanış olublar.
SDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Universitetin rektoru, professor Elxan Hüseynov bildirib ki, milli azadlıq, əbədi istiqlal tarixi istənilən qüdrətli xalq tərəfindən ancaq qanla yazılır. Vətənin haqq səsinə dönən istiqlal mücahidləri şəhid qanından kəfən geyir, müqəddəslik badəsi içir. Çar Rusiyasının 200 illik əsarətinə etiraz edən Azərbaycan xalqı XX əsrin sonunda yenidən ayağa qalxdı.
Elxan Hüseynov qeyd edib ki, genosid siyasətini həyata keçirən daşnaqlar öncə insanları, sonra isə bir şəhəri süngüdən keçirərək Azərbaycan xalqına qarşı soyqırımı törətdilər. 24 ildir nigaran ruhları başının üstündə dolanan Xocalı dünyadan ədalət istəyir.
Rektor bildirdi ki, bu gün ölkə başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə çatdırır və bu istiqamətdə məqsədyönlü işlər aparırlar.
Dərin kədər hissi ilə keçən tədbirdə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş universitetin “Renessans” tələbə teatrı və “Səma” rəqs qrupunun hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Universitetin II kurs tələbəsi İsmayıl Faxtiyev Xocalı faciəsinin simvolu olan “Ana fəryadı” obrazını fırçası ilə qana boyayıb.
Rektor universitetin istedadlı tələbələri tərəfindən təşkil olunmuş tamaşanın Xocalı soyqırımının yüksək səviyyədə təbliğatı olduğunu bildirərək tökülən qanların, axıdılan göz yaşlarının yerdə qalmayacağını və tezliklə işğal altında olan Qarabağımızı geri qaytarılacağını əminliklə vurğulayıb.