SUMQAYIT GƏNCLƏRİ ÖZ BAYRAMLARINI QEYD ETMİŞLƏR
İcra hakimiyyətinin başçısı Vaqif Əliyev toplaşanları təbrik edərək demişdir ki, düz on il əvvəl respublika gənclərinin birinci forumu keçirilmişdir. Elə həmin gün Gənclər günü elan olunmuşdur.
Şəhərin rəhbəri xatırlatmışdır ki, ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə ikinci qayıdışından sonra ilk olaraq gənclərlə görüşmüşdür. O, böyüməkdə olan nəslin inkişafına həmişə diqqətlə yanaşmışdır. Ulu öndərimizin sovet dövründə həyata keçirdiyi kadr siyasəti, hər il yüzlərlə gəncin təhsil almaq üçün SSRİ-nin ən mötəbər ali məktəblərinə göndərilməsi onun uzaqgörənliyindən və müdrikliyindən xəbər verirdi. Həmin gənclər müstəqillik əldə olunduqdan sonra peşəkar mütəxəssislər, yüksək səviyyədə savadlı kadrlar kimi ölkənin inkişafına yaxından kömək etmişlər.
V.Əliyev vurğulamışdır ki, Sumqayıt gəncləri əməyə ciddi münasibəti, yüksək vətənpərvərliyi ilə Azərbaycanın şöhrətini daha da yüksəklərə qaldırırlar. Gənlərimiz Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin çoxşaxəli və uğurlu fəaliyyətini fəal dəstəkləyirlər.
Tədbirdə ilin ən yaxşı şagirdi, tələbəsi, müəllimi, idmançısı, məşqçisi, telejurnalisti, habelə ən fəal ictimai xadim və ən yaxşı gənclər təşkilatı nominasiyalarının qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Bədii özfəaliyyət kollektivləri bayram konserti ilə çıxış etmişlər.