İDMAN
SUMQAYIT İDMANÇILARININ ŞƏRƏFİNƏ QƏBUL
Bu yaxınlarda başa çatan beynəlxalq yarışlarda yüksək nəticələrə nail olan idmançıların şərəfinə Sumqayıt İcra Hakimiyyətində qəbul keçirilmişdir. Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev şahmatçıları - Naxçıvanda keçirilmiş dünya çempionatında birinci və üçüncü yerləri tutan Şəhriyar və Zeynəb Məmmədyarovları, onların bacısı - ötən il Avropa birinciliyinin qalibi Türkanı, habelə boksçuları – Estoniyanın Koxtle Yarve şəhərində keçirilmiş “A” kateqoriyalı beynəlxalq turnirin qalibi Şahin İmanovu və Rumıniyada dünya çempionatında ikinci yerə çıxan Turab Məmmədovu təbrik etdi. V.Əliyev idmançıların və məşqçilərinin sevincinə şərik çıxaraq bildirdi ki, Azərbaycan Prezidenti Heydər Əliyevin hələ ötən əsrin 80-ci illərində qəbul etdiyi xüsusi qərarlar respublikada şahmat sahəsində böyük canlanma yaratmışdır. Qısa müddətdə bütün şəhərlərdə şahmat məktəbləri tikildi. Hər yerdə uşaqlar bu qədim oyunun sirlərinə həvəslə yiyələnməyə başladılar. Azərbaycan şahmatçılarının bugünkü yüksək reytinqi də məhz idman sahəsində aparılmış həmin müdrik siyasətin nəticəsidir. Bununla bərabər, ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı, gənclərin hamılıqla tanınmış lideri İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə idman hərəkatında böyük irəliləyiş yarandı. Maddi-texniki baza möhkəmlənmiş, bir çox şəhərlərdə müasir olimpiya kompleksləri tikilmiş və istifadəyə verilməyə hazırlanır, idmanın inkişafı üçün maksimum əlverişli şərait yaradılmışdır. Azərbaycanda idmana və idmançılara münasibət kökündən dəyişmişdir. Bu günlərdə Naxçıvanda şahmat üzrə dünya birinciliyinin, - onun gedişini on-line rejimində 50 mindən çox azarkeş izləmişdir, - yüksək təşkilati və texniki səviyyədə keçirilməsi buna parlaq sübutdur. Şahmatçıların məşqçisi Həmid Məmmədyarov və boksçuların məşqçisi, Azərbaycanın əməkdar məşqçisi Eldar Əbilov çıxış edərək, göstərilən diqqətə görə minnətdarlığını bildirdi, yarışlar barədə təəssüratlarını bölüşdülər və gələcək planlarından danışdılar. Sonda qəbulda iştirak edən idmançılara və məşqçilərə gül-çiçək dəstələri və qiymətli hədiyyələr təqdim olundu.