Sumqayıt məktəbliləri ekoloji layihədə iştirak etmişlər
Sumqayıt, 29 sentyabr (AZƏRTAC). Sumqayıt şəhərinin 24 və 31 nömrəli orta məktəblərin, habelə 1 nömrəli internat məktəbinin ibtidai sinif şagirdləri “BASF Kid`s Labs” təhsil layihəsinin iştirakçısı olmuşlar (ilk kimya dərsləri). Şagirdlər özləri üçün maraqlı olan maddələr aləmini və onların arasındakı əlaqələri - kimya elmini öyrənməyə başlamaqla gənc təcrübəçilər rolunu həvəslə ifa etmişlər.
“BASF Kid`s Labs” layihəsi BASF konserninin araşdırmasıdır. BASF Caspian konserninin baş direktoru Ümit Başdaş AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, bu layihə bir çox ölkələrdə həyata keçirilir. O, layihənin əhəmiyyətindən söhbət açaraq qeyd etmişdir ki, dünyada kimya sənayesinin lideri olan Almaniyanın BASF konserni beynəlxalq kimya ilinin qlobal sponsorudur. O, uşaqların və gənclərin kimya elminə marağının artırılmasına yönəldilmiş təşəbbüsləri fəal surətdə həyata keçirir. Konsern dünyanın 150 ölkəsində fəaliyyət göstərir. Onun Lüdviqshafendə (AFR) yerləşən iqamətgahında uşaqlar üçün “BASF Kid`s Labs” stasionar laboratoriyası fəaliyyət göstərir. Ü.Başdaşın dediyinə görə, proqramın hazırlanmasında pedaqoqlar, mütəxəssislər və psixoloqlar iştirak etmişlər. Uşaqlar kimya üzrə oyun dərslərinə həvəslə gedir, fənn haqqında təməli biliklərə yiyələnirlər. Maraqlı eksperimentlər, əlvan atributika, virtual assistentlərin fantastik obrazları dərslərə xüsusi effekt verir.
O, layihənin Azərbaycanda həyata keçirilməsindən bəhs edərkən demişdir ki, Bakı və Sumqayıt məktəbliləri ilə birlikdə ilk dəfə olaraq MDB ölkələrinin bir çox məktəblərində ibtidai sinif şagirdləri üçün kimyadan maraqlı eksperimentlər keçirilmişdir. İlk eksperimentlər Yerin ən qiymətli və tükənməz resursu olan suyun xassələrinin tədqiqinə həsr edilmişdir.
Ümit Başdaş belə hesab edir ki, “interaktiv dərslərin məqsədi uşaqları ən mühüm təbii ehtiyat olan suya qayğı ilə yanaşmağı öyrətməkdir”.
Qeyd edək ki, “BASF Kid`s Labs” layihəsi respublika Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirilmişdir. Azərbaycanda “Kid`s Labs” eksperimentlərində iştirak etmiş uşaqların ümumi sayı 350 nəfər olmuşdur.
######
