SUMQAYITDA AZƏRBAYCANLILARIN SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Sumqayıt, 1 aprel (AZƏRTAC). Sumqayıt Dövlət Universitetinin akt zalında 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir. Tədbir şəhər icra hakimiyyəti ilə birlikdə təşkil olunmuşdu. Universitetin dəhlizində Sumqayıtın gənc rəssamlarının bu mövzuda rəsmləri nümayiş etdirilirdi.
Konfrans iştirakçıları erməni soyqırımının qurbanı olmuş azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
Tədbirdən əvvəl “Tarix bizə nə deyir” videofilmi nümayiş etdirilmişdir. Filmdə daşnakların tarixin müxtəlif dövrlərində törətdikləri vəhşiliklərdən, habelə azərbaycanlıların əzəli torpaqlarından mərhələlərlə deportasiya edilməsindən bəhs olunur.
Konfransı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev açaraq bildirmişdir ki, 1918-ci ilin faciəli mart hadisələrinin növbəti ildönümü günü bütün Azərbaycan xalqı kimi, sumqayıtlılar da şəhidlərin xatirəsini yad edirlər. Günahsız insanların etnik əlamətlərinə görə qətlə yetirilməsi nəticəsində minlərlə soydaşımız həlak olmuşdur.
V.Əliyev demişdir ki, kinoxronikanın kadrları müxtəlif dövrlərdə azərbaycanlıların kütləvi qırğınını təşkil edən ermənilərin qəddarlığından xəbər verir. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı günü haqqında” Fərmanın əhəmiyyətindən söhbət açan V.Əliyev, bir il ərzində böyük tarixi materialı tədqiq edən xüsusi komissiyanın zəhmətini xüsusi vurğulamışdır. Komissiyanın hazırladığı geniş, məzmunlu, faktlarla zəngin mühüm sənəd tarixi Fərmanın əsasını təşkil etmişdir.
Şəhər icra hakimiyyətinin başçısı genişmiqyaslı təbliğat işinin başlanğıcını qoymuş həmin tarixi Fərmanın mətnini oxumuşdur. Beləliklə, erməni daşnaklarının qanlı cinayətləri ifşa olunmuşdur.
Alimlərin maraqlı məruzələri ermənilərin müxtəlif dövrlərdə törətdikləri qırğınlar və talanları nümayiş etdirən fotoslaydlarla müşayiət edilmişdir.
Martın 31-də Sumqayıtın bütün təhsil müəssisələrində Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş dərslər keçirilmişdir.