CƏMİYYƏT
Sumqayıtda baş verən partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı sona çatıb YENİLƏNİB-4 VİDEO
Bakı, 3 dekabr, AZƏRTAC
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə 6 nəfər xilas edilib.
09:36
Sumqayıtdakı partlayış nəticəsində bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
08:08
Sumqayıtda yaşayış binasında baş verən partlayış nəticəsində xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində bu vaxtadək bir nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
07:29
Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün və digər zəruri tədbirlər davam etdirilir.
07:19
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.