Sumqayıtda məktəblilərin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş bayram yürüşü olmuşdur
Sumqayıt, 6 may (AZƏRTAC). Mayın 6-da Sumqayıtda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə möhtəşəm parad - şəhər məktəblilərinin yürüşü olmuşdur.
Paradı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, hüquq mühafizə orqanlarının, bələdiyyələrin, idarə və müəssisələrin rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri izləmişlər.
Tədbiri N hərbi hissəsinin hərbi qulluqçuları açmışlar. Zirehli transportyorların, hərbi qulluqçuların ardınca meydana Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirilmiş, daha sonra hərbi orkestr keçmişdir.
Şəhərin orta təhsil müəssisələrinin üç mindən yuxarı şagirdi ulu öndər Heydər Əliyevin Sumqayıtın mərkəzində ucaldılmış möhtəşəm abidəsi qarşısından nizamlı sıralarla keçmişdir. Bu təsirli səhnəni 10 minədək Sumqayıt sakini izləmişdir. Şagirdlər dəstə-dəstə Sülh küçəsindən keçmişlər. Yuxarı sinif şagirdlərinin təşkil etdikləri yürüşün leytmotivi “Təkcə yaşlılar deyil, uşaqlar da Qələbəyə və səbirsizliklə gözlənilən Sülhə inan hissi ilə yaşayırlar” olmuşdur.
Tədbirin təşkilatçıları hesab edirlər ki, parad təkcə cilalanmış, ölçülüb-biçilmiş, dəqiq hərəkətlər deyildir. Parad güclü olduğumuza inandırır, çünki artıq çox şeyə nail olmuşuq.
Paradda təmsil olunmuş 50 məktəbin hər birinin məxsusi geyimi olmuşdur. Marş sədaları bütün şəhərə yayılaraq, uşaqları həvəslə alqışlayan yeni-yeni tamaşaçılar cəlb etmişdir. Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önündən nizamlı addımlarla keçərək ulu öndərin nurlu xatirəsinə dərin ehtiramlarını bildirmişlər.
######
