SUMQAYITIN YARIMİLLİK SOSİAL-İQTİSADİ İNKİŞAFINA YEKUN VURULMUŞDUR
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev məruzəsində dinamik inkişafda olan şəhərin bütün sahələri və qurumlarının fəaliyyətini təhlil etmişdir. O bildirmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin göstərişlərini yerinə yetirməklə bağlı tədbirlərin həyata keçirilməsi sahəsində bu ilin birinci yarısında xeyli tərəqqi müşahidə olunur. Şəhərdə 170 milyon manatlıq məhsul istehsal edilmiş, xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8 faiz çoxdur. Ümumi məhsul istehsalında özəl bölmənin payı 53 faiz təşkil etmişdir.
Sumqayıtda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan layihələr uğurla həyata keçirilir. Belə ki, şəhərin elektrik təchizatını xeyli yaxşılaşdıracaq, onun inkişafı üçün yeni imkanlar açacaq 517 meqavatlıq elektrik stansiyası cədvələ uyğun tikilir. Dövlətimizin başçısının ekoloji vəziyyəti sağlamlaşdırmaq sahəsində tələb və göstərişlərinin icrası üçün tədbirlər görülür. Gündəlik gücü 200 min kubmetr olacaq müasir təmizləyici qurğunun tikintisi bu sahədə bir sıra problemləri həll etməyə imkan verəcəkdir.
Bir sıra müəssisələrin istifadəyə verilməsi, dayanmış istehsalatların işinin bərpa olunması müsbət amil kimi qiymətləndirilmişdir. Bu, təkcə yarım il ərzində 3971 yeni iş yeri açmağa imkan vermişdir ki, bunların da 1149-u özəl bölmənin payına düşür. 2003-cü ildən bəri isə Sumqayıtda 21300-dən çox iş yeri, o cümlədən 9 min daimi iş yeri açılmışdır.
Yığıncaqda sosial, mədəni və digər sahələrdə fəaliyyət təhlil olunmuş, son vaxtlar şəhərin infrastrukturunun maddi-texniki bazasının möhkəmləndiyi vurğulanmışdır. Yeni su, qaz və enerji magistrallarının tikintisi şəhərin həyati əhəmiyyətli ehtiyatlarla təminatını sabitləşdirmişdir. Bununla belə, enerji ehtiyatlarından istifadə haqqının vaxtında ödənilməsi sahəsində hələ də ciddi problemlər var. Borcların vaxtında ödənilməsinin vacibliyini əhaliyə daha fəal çatdırmaq lazımdır. Bu məqsədlə abunə haqqının ayrı-ayrı idarələr üzrə yığılması dinamikası ciddi araşdırılmış, nöqsanları aradan qaldırmaq üçün konkret tədbirlər görülmüşdür.
Yığıncaq iştirakçıları qəbul etdikləri qətnamədə şəhərin inkişafı sahəsində öncül istiqamətləri, vaxtı çatmış problemləri müəyyənləşdirmişlər.