QAN YADDAŞI
SURAXANI RAYON İCRA HAKİMİYYƏTİ 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİRLƏR PLANI HAZIRLAMIŞDIR
Bakı, 9 yanvar (AZƏRTAC). Suraxanı Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə bağlı tədbirlər planı hazırlanmışdır.
Plana əsasən, Əmircandakı Şəhidlər xiyabanında, qəsəbələrdə şəhidlərin xatirəsi ilə bağlı abadlıq və təmizlik işləri görüləcəkdir. İdarə, müəssisə və təşkilatlarda 20 Yanvar gününün Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda qəhrəmanlıq rəmzi kimi qeyd edilməsi ilə bağlı tədbirlər keçiriləcəkdir. Yanvarın 19-da 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə təşkil ediləcək görüşdə onlara humanitar yardım göstəriləcək, həmçinin Əmircan qəsəbəsindəki 114 nömrəli məktəbdə rayon ictimaiyyətinin iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcəkdir.
Yanvarın 18-19-da bütün təhsil müəssisələrində xüsusi dərsin, həmçinin faciəyə həsr olunmuş ədəbi-bədii gecənin keçirilməsi, qəsəbələrdə 20 Yanvar şəhidlərinin məzarlarının və onların xatirəsinə ucaldılmış abidələrin, xatirə lövhələrinin ziyarət olunmasının təşkili və s. nəzərdə tutulmuşdur.
Yanvarın 20-də ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edəcək, matəm əlaməti olaraq rayon ərazisində dövlət bayraqları endiriləcək, saat 12-də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.