Suraxanı rayonunda ailələrə sosial dəstək və maarifləndirmə işləri gücləndirilir
Bakı, 28 noyabr, AZƏRTAC
Bakı şəhərinin Suraxanı rayonunda ailələrə sosial dəstək və maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Rayon əhalisinin sayı 108 mindən çoxdur, onlardan 51 faizi qadınlardır. Ərazidə 7 557 ailə yaşayır və onların sosial müdafiəsi üçün müxtəlif proqramlar həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavini Könül Axundova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu: Suraxanıda yeni sosial yanaşma” mövzusunda tədbirdə söyləyib.
K.Axundova qeyd edib ki, 10 ay ərzində rayon üzrə 800-dən çox müraciət daxil olub, vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı 14 200 müzakirə aparılıb, 291 uşağın hüquqları qorunub, 1 100 aztəminatlı ailəyə ərzaq yardımı göstərilib. Həmçinin komissiyalarda 73 mübahisə və 55 846 nəfərin mənzil-məişət problemləri həll edilib.
O vurğulayıb ki, rayon ərazisində aparılan işlər qadın hüquqlarının müdafiəsi, ailələrin sosial rifahının qorunması və maarifləndirmə işlərinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.