REGİONLAR
Şuşa hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır
Naxçıvan, 11 iyun, AZƏRTAC
Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin birgə təşkilatçılığı ilə “Şuşa hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır” mövzusunda keçirilən tədbirdə danışılıb.
“Şuşa İli” ilə əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev bildirib ki, Azərbaycan xalqı otuz ilə yaxın işğal altında olan Şuşanın həsrəti ilə yaşadı, lakin bu ədalətsizliklə barışmadı. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Dövlətimizin başçısı Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq bu il yanvarın 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova isə çıxışında qeyd edib ki, strateji əhəmiyyətə malik Şuşanın azad edilməsi ən unudulmaz tarixi günlərimizdən biridir.
Sonra kitabxana əməkdaşlarından Turqay Orucovun “Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir incilərindəndir”, Nərmin Allahverdiyevanın “Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir” və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kitabxanaçısı Günel Hüseynovanın “Şuşa İli” - Zəfərimizin tarixi” və kursant Sərxan Eyvazovun “Şuşa Azərbaycanın tarixi və strateji əhəmiyyətli paytaxtıdır” mövzularında çıxışları dinlənilib.